Çətin ki, “Paroles, Paroles” mahnısını eşitməyən kimsə olsun. Bu mahnını ifa edən ecazkar səsi onu dinləyən hər kəsin qəlbini ram edir. Təəssüf ki, bu gözəl ifanın sahibəsinin həyatı səsi qədər gözəl keçməyib.

   1933-cü ildə Qahirə şəhərində anadan olan İolanda Kristina Cilyotti 20-ci əsrin ən böyük müğənnilərindən biridir. Əslən italiyadan olan İolanda səhnədə və eləcə də bütün dünyada məhz Dalida kimi tanınır.

   1954-cü ildə “Miss Misir” titulunu qazanan İolandaya dərhal filmdə çəkilmək təklifləri gəlir. Lakin bu titulu əldə etməzdən daha əvvəl ailəsi və bütün yaxınları artıq ondan imtina etmişdi. İolanda geri addım atmamağa qərar verir və karyerasının ardınca Parisə yola düşür. Məhz burada o ilk olaraq özünə “Dalila” adını seçir. Daha sonra hərflərdən birini dəyişərək, həyatının sonunadək ona uğur qazandıran Dalidaya çevrilir.

   Fransada disko stilində ilk qadın ifaçısı olan Dalida italyan, fransız, yunan, alman, ərəb, alman, ispan və başqa dillərdə mahnılar ifa edir. Onun mahnıları bir sıra ölkələrin hit-paradından 1-ci yerdə olur. Bu mahnıların sırasına “Paroles, paroles”, “Gigi l`amoroso”, “Il venait d`avoir 18 ans”, “Salma ya Salama” daxildir.

   Maraqlıdır ki, müğənninin ən tanınmış duet partnyoru Alen Delon (“Paroles, paroles” məhz onunla səslənir), 1954-cü ildə Dalida Misirdən Parisə köçdüyü zaman yaşadığı Jan-Mermoz küçəsində qonşusu idi.

   Şəxsi həyatında arda-arda böyük məyusluqlar yaşayan sənətçinin sevdiyi şəxslər müxtəlif səbəblərdən həyatlarına sui qəsd ilə son veriblər. Bu cür xəbərlərin hər birindən sarsılan Dalida özü də 1987-ci ildə yaşadığı evdə yüksək dozada yuxu dərmanı içərək həyatına son verir. Ölümündən dərhal sonra Parisdə keçirilən bir sorğuda Dalida, Şarl de Qolldan sonra Parislilərin həyatına təsir edən ikinci güclü insan olaraq seçilir.

   Ölümündən sonra müğənninin sənətinə maraq qətiyyən azalmır. Buna sübut satılan 20 milyon diskdir.