Bu gün son həftədir bütün dünyanın üz tutduğu təhsil formasından bəhs edəcəyik – distant təhsil.
Distant təhsil nədir, necə və niyə yaranıb suallarının cavabı sizə də maraqlıdırsa, başlayaq.

   Distant təhsilin yaranma tarixi 1700-cü illərə təsadüf edir. 1728-ci ildə Kaleb Filips Boston qəzetində elan yerləşdirir. Elanda tələbələr ilə məktublaşma vasitəsilə stenoqrafiyanı tədris edəcəyini qeyd edir. Məhz bu addım məsafəli təhsilin başlamasına səbəb olur. Distant təhsildə böyük əməyi olan növbəti şəxs İsaak Pitmandır. 1840-cı ildə o öz dərslərinin yazıldığı məktubları bütün arzu edən şəxslərə göndərməyə başlayır.

   Bu istiqamətdə atılan növbəti mühüm  addımlar Ç.Tusen və Q. Lançenşteydə aiddir. Onlar 1856-cı ildə Berlin şəhərində Qiyabi Təhsil xidməti təqdim edən institut yaradırlar. Təhsil metodu yenə də dərs materialları və yoxlama işlərinin məktublar vasitəsilə göndərilməsi yolu ilə həyata keçirilirdi.

   20-ci əsrin ilk yarısı texnologiyanın inkişafı ilə distant təhsilin hərtərəfli inkişafı və geniş miqyaslı yayılması baş verir. Radionun yaranması xüsusilə bu təhsil forması üçün yeni üsullar yaradır. Televiziyanın yaranması isə distant təhsildə yeni bir mərhələyə qapı açır.

   1960-cı ildə Distant Təhsil beynəlxalq səviyyəyə çatır və UNESCO tərəfindən dəstəklənir. 1963-cü ildə İngiltərənin baş naziri Q. Vilson “Efir Universiteti” yaratmağı təklif edir. Bu layihə distant təhsil təqdim edən bütün universitetləri bir araya gətirməyi nəzərdə tuturdu.

   İnternetin yaranması isə tamamilə yeni distant təhsil anlayışına start vermiş olur – onlayn təhsil. Bu üsulla təhsil almaq istəyən şəxslərin sayı isə günü gündən artmaqdadır. Axı təhsil almaq istəyən hər bir kəsin buna fiziki imkanı çatmaya bilər.

   Bu gün dünyanın ən populyar onlayn-kurs təqdim edən  şirkətləri Coursera, EDX, Udacity hesab olunur.
Həmçinin dünyanın bütün qabaqcıl ali təhsil ocaqları distant təhsil təklif edir. Son 1 aydır Covid-19 pandemiyası nəticəsində universitetlərin və eləcə də bütün tədris ocaqlarının fəaliyyətinin dayandırılması Azərbaycanda da distant təhsilin kütləvi tətbiqinə gətirib çıxartdı. Televiziya, sosial şəbəkələr və həmçinin veb səhifələr vasitəsilə yayımlanan dərslər tələbə və şagirdlərin evdə qaldıqları dövr ərzində də biliklər əldə etməsinə səbəb olur.