Dünya Teatr Günü
 (World Theatre Day) 1961-ci ildə Beynəlxalq Teatr İnstitutunun (International Theatre Institute, ITI) IX konqressi tərəfindən hər il 27 Mart tarixində qeyd olunur.

   Dünya Teatr Günü ənənəvi deviz altında keçirilir: “Teatr millətlər arasında qarşılıqlı anlaşma və sülhün möhkəmlənməsi üçün vasitədir.”


   Bu gün Beynəlxalq Teatr İnstitutu UNESCO-nun nəzdində fəaliyyət göstərən  dünyanın ən böyük tətbiqi incəsənətlə məşğul olan qeyri-dövlət təşkilatıdır. Milli mərkəzlər, regional komitələr dünyanın 100-dən çox ölkəsində təmsil olunur.
 
   Məlumdur ki, “teatr” sözü qədim yunan dilində "theatron" (θέατρον) sözündən yaranıb və tərcümədə “tamaşa olunan məkan” mənasını verir. Adətən teatrda iki populyar janr oynanılır: komediyatragediya və teatr maskaları da  məhz onların simvolu olaraq seçilib.


 
   İlk teatr səhnələşdirilməsi haqqında qeyd e.ə. 2500-cü ilə təsadüf edir. Təəcüblü deyil ki, ilk səhnələşdirmə Misirdə qeydə alınıb, süjet xətti Misir mifologiyasının obrazları olaraq tanrı Osirisin həyatı üzərində qurulmuşdu. Bu hadisə teatr və din arasında uzunmüddətli və sıx əlaqənin yaranmasına səbəb oldu.



   Qədim Yunanıstanda teatr incəsənət kimi formalaşmağa başladı və məhz burada komediya və tragediya formaları ilə yanaşı digər teatr janrlarının da dəqiq xüsusiyyətləri yaradıldı. Qədim yunan teatr səhnələri həmçinin mifoloji obrazlardan da istifadə edirdi.



   Dünya Teatr Günü sadəcə teatr işçilərinin beynəlxalq bayramı deyil. Bu gün həm də milyonlarla teatr sevərlərin bayramıdır.


   Əlbəttə ki, bu gözəl gün münasibətilə bütün dünyada müxtəlif teatr festivalları, bayram səhnələri, ən yaxşı tamaşaların səhnələşdirilməsi tədbirləri keçirilir. Təəssüf ki, bu il hal-hazırda bütün dünyada baş verən Covid-19 pandemiyası səbəbi ilə bu tarix lazımi şəkildə qeyd edilməyəcək. Lakin Beynəlxalq Teatr İnstitutu bütün dünyada yerləşən teatr kollektivlərindən bu gözəl bayramı onlayn qeyd etmək məqsədilə öz yazılı və ya video ismarıclarını elektron şəkildə göndərilməsini xahiş edib.

   Siz www.iti-worldwide.org səhifəsinə daxil olaraq bu ismarıclarla tanış ola bilərsiniz.  Əminik ki, teatr sevərlər internet resurslar vasitəsilə sevdikləri teatr binalarına virtual səyahətlər edə və arzuladıqları tamaşalara onlayn qaydada baxa biləcəklər.


 
   Dünya Teatr Gününüz Mübarək!