Yuxarı Avstriya federal ərazisində, Gmunden rayonunda sahəsi cəmi  60 kv km-dən ibarət bir möcüzə yerləşir – Halştat (Hallstatt) kəndi.  Tarixi mənbələrdə adı 1311-ci illərdən etibarən qeyd olunan bu kənd, Avropada duz istehsalına görə kifayət qədər məşhurdur.

  Əhalisi  800 nəfər olan Halştat kəndi eyniadlı gölün sahilində yerləşir. Məhz buna görə də torpaq sarıdan insanlar hər zaman sıxıntı çəkiblər. Təsəvvür edin ki, əvvəllər hər 10 ildən bir məzarlıqda basdırılmış cəsədlərin sümükləri çıxarılır, ağardılır, üzərində sahibinin adı, ölüm tarixi və peşəsi qeyd olunaraq yerli kilsənin yaxınlığında asılırdı. Boşalan yerlər isə yenidən istifadə olunurdu. Kremasiyanın (cəsədin yandırılması prosesi) tətbiqi ilə bu problem aradan qalxır.



  Halştatın dağlarla əhatə olunması, turistlərin gəlişini uzun illər mürəkkəb və çətin hala salırdı. Lakin artıq insanlar istər ictimai nəqliyyat, istərsə də şəxsi avtomobilləri ilə dünyanın ən gözəl kəndini ziyarət edə bilirlər.   

  Ən populyar marşrut Zalsburq şəhərindəndir. Lakin Vyana, Münxen və İnsbruk şəhərləri də səfər üçün kifayət qədər əlverişli hesab olunur.  Halştat dəmiryolu vağzalı gölün kəndə əks istiqamətində yerləşir. Buna görə də son məsafəni qət etmək üçün mütləq qaydada kiçik gəmilərdən istifadə etmək lazımdır. Və budur, siz füsunkar Halştat gölü ilə 5 dəqiqəlik səfərdən sonra final məntəqəyə çatırsınız.



  Bir az da Halştatda gəzməli, görməli olduğunuz yerlərdən yazaq. Rəngli kiçik evlərdən ibarət daşlı və dar küçələrin gözəlliyindən savayı, kənd Alp dağlarına məxsus ideal təbiəti ilə sizi başdan çıxarmağa hazırdır. Əgər sizin bəxtiniz gətirib və dünyadan kifayət qədər təcrid olunmuş nağılvari məkana səfər edə bilmisinizsə, mütləq qaydada funikulyorla duz şaxtalarına enməyi, kanat xətti ilə Dahştayn dağlarında yerləşən baxış meydançasına qalxmağı və Halştat gölü ətrafında piyada gəzintiləri unutmayın.

  Yazımıza burada son verib, videomuza baxmağı tövsiyə edirik. Hiss edirik ki, bir çoxunuz az da olsa videoya baxmaqla belə dincəlmiş olacaqsınız.

Yazdı: Könül Hilal.