Bu gün Azərbaycanda Novruz Bayramının son çərşənbə axşamı - Torpaq Çərşənbəsidir. Bundan başqa bu gün həmçinin İrlandiyanın ən böyük bayramı, hər il 17 Mart tarixində qeyd olunan Müqəddəs Patrik Günüdür.

  Hər il Mart ayının 17-də İralandiya küçələri mahnılar və rəqslərlə müşayət olunan böyük bir festivala çevrilir. Təkcə İrlandiya mı? Əlbəttə ki, yox. Bütün Böyük Britaniya, Avropa və həmçinin Avropa sərhədləri xaricində yerləşən bir sıra ölkələr də bu bayrama qoşulur.



  Orijinal dilində “Lá ’le Pádraig və ya  Lá Fhéile Pádraig” adlanan bu tarixdə İrlandiyanın himayədarı hesab olunan Müqəddəs Patrikin ölüm günü qeyd olunur. Bu tarix İrlandiyada xristiyanlığın qəbul edilməsi günü hesab edilməklə yanaşı, həmçinin bütövlükdə İrlandiya mədəni irsinin bayramı sayılır. Müqəddəs Patrik günü müxtəlif paradlar təşkil olunur, insanlar bayramın rəmzi olan yaşıl rəngli libaslar geyinir və ya üçyarpaqlı yonca şəkli olan geyimlər və rəmzlərdən istifadə edirlər.



  Üçyarpaqlı yonca bayramın ən məşhur simvoludur. Üçyarpaqlı yonca ümumilikdə İrlandiyanın rəmzi hesab olunur.Təəccüblü deyil ki, bütün dünyada bu gün Müqəddəs Patrik Günü adı ilə yanaşı həm də İrlandiya bayramı kimi də adlandırılır.

  Bu il COVID-19 virusunun yayılması Londonda və Dublində bayramla əlaqədar keçiriləcək paradlar və bütün kütləvi tədbirlərin ləğv edilməsinə səbəb oldu. Qoyulmuş qadağaya baxmayaraq insanlar bayram əhval-ruhiyyəsini yaşatmağa qərar veriblər və onlayn “parad” elan ediblər. Beləki Facebook, Instagram və  Twitter sosial şəbəkələrində “Müqəddəs Patrik Günü 2020 Virtual Parad”  adlı səhifələr və qruplar yaradılıb və insanlar bayramla bağlı müxtəlif video və şəkillər yerləşdirirək yenidən birlikdədirlər.