Bu yaz bir çoxumuz səyahət planları qurmuşduq. Kimimiz Parisə, kimimiz Amsterdama, bəzilərimiz Londona və yaxud dünyanın bir çox digər şəhərlərində görəcəkləri məkanların siyahısını da hazırlamışdıq.

   Bəli, planlarımız dəyişdi. Məhz dəyişdi, pozulmadı. Fiziki olaraq bu məkanlara gedə bilməsək də, dünyanın ən məşhur muzeylərini onlayn rejimdə gəzmək fürsətimiz var.
Odur ki, evdə oturmağın müsbət tərəflərini düşünün və dünya görüşünüzü bu səhifələr vasitəsilə bir az da genişləndirin.

   1 – Britaniya Muzeyi
https://britishmuseum.withgoogle.com/ linkinə daxil olaraq dünyanın ikonik muzeylərindən hesab olunan Britaniya muzeyində onlayn ekskursiyaya qoşulursunuz. Ekskursiya zamanı siz tarixin müxtəlif dövrləri üzrə sıralanmış muzey eksponatlarına baxacaq və onlar barədə  məlumatlanacaqsınız.

   2 – Luvr Muzeyi
https://www.louvre.fr/en/visites-en-ligne
Nəinki Fransanın, eləcə də dünyanın “must visit” məkanlarından olan Luvr Muzeyinin rəsmi internet səhifəsinə daxil olaraq, qalereyalar üzrə onlayn tura qoşulun. Muzey tamamilə bağlanıb və öncədən alınan bütün onlayn biletlər 100% məbləğində geri qaytarılacaq. Səhifədə gəzinti zamanı texniki problem yaşamamaq üçün müvafiq proqramların cihazınızda mövcud olduğunu dəqiqləşdirməyi unutmayın.

   3 - L'orangerie Muzeyi
https://artsandculture.google.com/streetview/musee-de-l-orangerie/wAHg2EZf7REqmQ?hl=en
Parisin digər bir məşhur muzeyi olan “Musée de l'orangerie” rəsm həvəskarları üçün əsl istirahət zonasına çevriləcək. Linkə daxil olaraq siz Klod Mone yaradacılığı ilə yaxından tanış olacaqsınız.

   4 – Van Qoq Muzeyi
https://artsandculture.google.com/partner/van-gogh-museum?hl=en
Dahi sənətkarın əsərləri, yaradıcılığı haqqında ətraflı məlumat əldə etməklə yanaşı, muzeyin bütün mərtəbələrini tək-tək virtual gəzə biləcəyiniz bu muzey, Van Qoq heyranları üçün möhtəşəm fürsətdir.

   5 – Uffizi Qalereyası
https://artsandculture.google.com/partner/uffizi-gallery?hl=en
İntibah dövrünün beşiyi sayılan Florensiyanın rəmzlərindən olan Uffizi Qalereyasını ziyarət etmək üçün link vasitəsilə muzeyin rəsmi internet səhifəsinə keçid aldıqdan sonra pəncərənin sağ yuxarı hissəsində yerləşdirilmiş ikona klikləyərək siz artıq addım-addım bu möhtəşəm məkanı gəzəcəksiniz.

   Ümid edirik bu virtual səyahətlər sizə nikbinlik bəxş edəcək və vaxtınızı faydalı dəyərləndirməyə yardımçı olacaqdır.
Xoş gəzintilər! :)